Bakı. Trend:
2030-cu ildə bu günkü peşələrin səriştəlilik səviyyəsinin 40 faiz aşağı düşəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün 4SİM-in İcraçı direktorunun müavini Soltan Bayramov Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "4Sİ Akademiyası - Milli Proqram"ın yarım illik nəticələrinə dair təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi artıq 8 aydır həyata keçirilən Milli Proqram çərçivəsində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq və qarşıda duran vəzifələri müzakirə etməkdir.
"Azərbaycanda yerli insan kapitalının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ölkəyə bir sıra təşəbbüslər gətirilib, bunlardan biri də "Bacarıqların sürətləndirilməsi" təşəbbüsüdür. Layihə çərçivəsində 50-dən çox tərəfdaşla sorğular aparılır və əldə olunan nəticələr əsasında beynəlxalq metodologiyaya uyğun yol xəritəsi hazırlanacaq. Bu yol xəritəsi ölkədə insan kapitalının inkişafına xidmət edəcək.
2024-cü ildə pilot layihə olaraq həyata keçirilən proqramın nəticələri üzrə data analitikası aparılıb və əldə edilən göstəricilər əsasında Milli Proqrama start verilib. Hazırda proqram artıq 70 min nəfəri əhatə edir. Statistikaya görə, 2024-cü ildə bir istifadəçi həftə ərzində orta hesabla 6 saat proqramdan istifadə edirdisə, hazırda bu göstərici 9 saata yüksəlib. Bu isə təşəbbüsə olan marağın və iştirak səviyyəsinin artdığını göstərir", - deyə Bayramov əlavə edib.
