Bakı. Trend:
“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb”.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqlayıb.
Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib:
“Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi müraciət 2546 nəfər olub. Onlardan 1644 nəfəri təqaüdçülərdir. Bu da 64,6% təşkil edir”.
N.Əhmədova bildirib ki, statistik məlumatlardan da göründüyü kimi, ümumi sayın artımı ilə bərabər, təqaüdçülərin də müraciətləri çoxalıb:
“Dünyada və Azərbaycandakı yaşlı əhlinin statistik gözəçarpan artımını da nəzərə alsaq, bu həssas təbəqənin ixtisaslaşmış tibbi yardım almaq üçün müraciətlərinin müvafiq olaraq artması gözlənilir”.
