...

İnformasiya təhlükəsizliyi və generativ süni intellekt dövründə media ekosisteminin gücləndirilməsi vacibdir - Radik İsmayılov

Cəmiyyət Materials 5 Dekabr 2025 10:59 (UTC +04:00)
İnformasiya təhlükəsizliyi və generativ süni intellekt dövründə media ekosisteminin gücləndirilməsi vacibdir - Radik İsmayılov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan–Gürcüstan Media Forumunun məhz informasiya təhlükəsizliyi mövzusuna həsr olunması çox önəmli və aktualdır. Çünki bu problem hər iki ölkə üçün ümumi bir ortaq məsələdir. Həm Azərbaycanda, həm Gürcüstanda müəyyən institutlardan və istiqamətlərdən hazırlanan manipulyasiyaların, dezinformasiyaların təsirinə məruz qalırıq və təəssüf ki, bu, bir çox hallarda dağıdıcı nəticələrə gətirib çıxarır.

Trend xəbər verir ki, bunu bu gün “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

R.İsmayılov bildirib ki, bu məsələlərə süni intellekt texnologiyalarının, xüsusilə də generativ süni intellektin daxil olması problemləri daha da artırır:

“Biz generativ süni intellektin hesabına bəşər tarixinin ən önəmli texnoloji inqilablarından birini yaşayırıq. Düzdür, bu tarixi dövrün içində yaşadığımız üçün bilmirəm, özümüzü şanslı sayaq, yoxsa ehtiyatlanmağa çalışaq. Amma dəqiq bildiyim odur ki, belə bir şəraitdə, xüsusilə də böhran vəziyyətlərində xəbər telekanalının rəhbəri olmaqdan çətin bir şey yoxdur. Çünki əldə etdiyimiz və ya bizə təqdim olunan məlumatın həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirmək çox çətindir.

Bu, bizim üçün informasiya cəbhəsinin önündə olmaq, tamaşaçı etimadını itirməmək və jurnalist peşəkarlığını qorumaq məsələsidir. Ona görə də generativ süni intellekt dövründə informasiya təhlükəsizliyinin əhəmiyyəti və riskləri daha da artır.

İcraçı direktor vurğulayıb ki, hər iki ölkədə məlumatlara çıxış xeyli asanlaşıb, lakin doğru informasiya ilə saxtanı ayırmaq imkanları tədricən azalır. Bu isə insanların həyatına, dövlət qurumlarının və biznes strukturlarının fəaliyyətinə, hətta vətəndaş cəmiyyətinə belə təsir göstərir:

“Həm Azərbaycanda, həm Gürcüstanda ənənəvi medianın mövqeyinin zəifləməsi ilə rəqəmsal və sosial medianın təsiri artır. Bu isə informasiya bolluğu şəraiti yaradır və bunun fonunda biz müəyyən dairələrdən informasiya hücumlarını, saxta xəbərləri, manipulyativ informasiyaların sürətlə yayılmasını müşahidə edirik. Son dövrdə Gürcüstanda nüfuzlu bir telekanalın yaydığı yanlış məlumat əsasında yaranmış böhranı yəqin ki, hamımız diqqətlə izləmişik”.

Televiziya rəhbərinin sözlərinə görə, narahatlıq doğuran əsas məqam odur ki, manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır. Bu, dezinformasiyanı artıq bir ictimai təsir metoduna çevirib və insanlar buna daha tez məruz qalır.

“Diqqətimizi bu sahəyə daha çox yönəltməliyik. İnformasiya təhlükəsizliyini təmin etmək üçün cəmiyyəti təhlükəsiz və düzgün məlumatla təmin etməliyik. Müasir dövrdə kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi çox vaxt sinonim kimi işlədilir, lakin mən onların ayrılmasının tərəfdarıyam. Çünki kibertəhlükəsizlik virtual mühitin qorunmasını nəzərdə tutur, informasiya təhlükəsizliyi isə daha geniş və ümumi anlayışdır. Bu, hətta milli təhlükəsizlik səviyyəsinə qədər yüksələn bir sahədir”.

ARB24 rəsmisi əlavə edib ki, texnoloji, ideoloji və sosioloji aspektlər informasiya təhlükəsizliyinin əsas tərkib hissələridir. İnformasiya təhlükəsizliyi milli maraqların həm daxildə, həm də xaricdən qorunmasını ehtiva edir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyi çətirinin altına artıq radio-televiziya məkanının, rəqəmsal və sosial medianın təhlükəsizliyi, informasiya azadlığı və informasiya doğruluğu kimi məsələlər də daxil olub. Bu isə bizi birbaşa narahat edən məqamlardandır.

“Mediada transformasiya və konvergensiya, internet medianın güclənməsi, insanların operativ informasiya tələbatının onlayn şəkildə təmin olunması informasiya təhlükəsizliyinin təmin edilməsini daha da çətinləşdirir. Generativ süni intellektin sürətli inkişafı şəraitində informasiya təhlükəsizliyinin təmin olunması həm qlobal, həm regional, həm də lokal xarakter daşıyır. Ona görə də bu məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq.

Süni intellektin informasiya təhlükəsizliyinə təhdidlərindən həmkarlarım da danışacaq, mən isə əsasən generativ süni intellektin informasiya təhlükəsizliyinin təmin olunmasında necə istifadə edilə biləcəyindən söz açmaq istəyirəm. Çünki süni intellekt yeni risklər yaratsa da, eyni zamanda yeni imkanlar da təqdim edir. Məsələn, süni intellekt alqoritmləri real vaxtda anomaliyaları müşahidə edə bilir; insidentlərə reaksiyanı saniyələrə endirir; davranış analizləri vasitəsilə risklərin proqnozlaşdırılmasını asanlaşdırır; potensial boşluqları aşkarlayıb müdafiə tədbirləri təklif edir; prosesləri avtomatlaşdıra bilir və insan səhvlərinin qarşısını almağa kömək edir.

Generativ süni intellekt dövrü informasiya təhlükəsizliyini yenidən düşünməyi tələb edir. Bu, artıq təkcə texnoloji məsələ deyil. Bu proses strateji, hüquqi və etik ölçülərə malik kompleks bir yanaşma tələb edir. Bu baxımdan həm ölkə daxilində, həm region səviyyəsində Azərbaycan və Gürcüstan jurnalistlərinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Biz manipulyativ xəbərləri və deepfake-ləri birlikdə araşdırmalı, onların qarşısını almaqda əməkdaşlıq etməliyik”, - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti