Bakı. Trend:
Süni intellekt nə qədər inkişaf edirsə, ənənəvi medianın əhəmiyyəti və cəmiyyətdəki rolu bir o qədər artır.
Trend xəbər verir ki, bunu bu gün Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
Layihə rəhbəri bildirib ki, bu gün dəqiq, obyektiv, məsuliyyətli informasiyaya olan ehtiyac daha da güclənir. Süni intellekt isə bu prosesdə alət ola bilər, amma insan məsuliyyətini, peşəkar jurnalistikanı, faktlara söykənən informasiyanı əvəz edə bilməz.
“Təkcə Azərbaycan və Gürcüstanda deyil, ümumilikdə qlobal miqyasda süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə, yaxın illərdə süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacib mövzulardan birinə çevriləcək. Çünki bütün informasiya vasitələri, rəqəmsallaşdırılmış platformalar və rəqəmsal ekosistemin özünün inkişaf etdiyi bir mühitdə, bu proseslərin müəyyən qaydalar və nəzarət mexanizmləri çərçivəsində idarə olunması artıq zərurətdir.
Biz media nümayəndələri çox yaxşı bilirik ki, lisenziyalaşdırma medianın fəaliyyətində etimad yaradan əsas elementlərdən biridir. Əgər hər hansı şəxs və ya qurum media subyekti kimi çıxış edirsə, ona göstərilən etimad məhz dövlətin və ya beynəlxalq təşkilatların təqdim etdiyi lisenziya və akkreditasiyalardan qaynaqlanır.
Süni intellekt sahəsində də oxşar mexanizmlərin tətbiqi, yəni AI sistemlərinin lisenziyalaşdırılması gələcək illərdə ən mühim məsələlərdən biri olacaq. Bu həm ictimai etimadı qoruyacaq, həm də informasiya təhlükəsizliyini təmin edəcək”, - deyə o fikrini tamamlayıb.
Qeyd edək ki, bu gün Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunub.
“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikinci panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.
