Bakı. Trend:
Qanunvericiliyə yeni “mədəni sərvətləri korlama” və “mədəni sərvətləri məhv etmə” anlayışları daxil ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, anlayışlar aşağıdakı mənaları ifadə edəcək:
- mədəni sərvətləri korlama — mədəni sərvətlərin tarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik görkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına, yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan qanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərin törədilməsi;
- mədəni sərvətləri məhv etmə — mədəni sərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkin vəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız hala salınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması, yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuz tətbiq edilməsi.
Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq.
Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.
Yuxarıdakı abzas nəzərə alınmaqla, dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına yol verilməyəcək.
