Bakı. Trend:
Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşəcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
