...

Lənkəranda yeni peşə təhsil mərkəzi açılacaq

Cəmiyyət Materials 17 Dekabr 2025 13:23 (UTC +04:00)
Lənkəranda yeni peşə təhsil mərkəzi açılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Peşə təhsili müəssisələrində işəgötürənlərlə, eləcə də digər sahə nümayəndələri ilə sıx əməkdaşlıq və birgə fəaliyyət prinsipi olduqca əhəmiyyətlidir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Peşə təhsili Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Mamedov aqrar biznes festivallarına həsr olunan yekun tədbirdə panel müzakirəsi zamanı deyib.

“Regionlarımızda fəaliyyət göstərən iri müəssisələr mövcuddur. Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və digər bu kimi müəssisələr regionda mühüm rol oynayır. Lənkəranda yaxın zamanda müasir struktura malik yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur. Bu müəssisələr xüsusilə kənd təsərrüfatı istiqamətində kadr hazırlığında əsas yükü daşıyır. Bu baxımdan tərəfdaşlıq konteksti olduqca vacibdir”.

O qeyd edib ki, söhbət yalnız dövlət qurumları arasında koordinasiyalı fəaliyyətdən deyil, eyni zamanda dövlət-özəl tərəfdaşlığından gedir:

“Statistik məlumatlara nəzər saldıqda görürük ki, bu əməkdaşlıqlar həm kəmiyyət, həm də keyfiyyət baxımından genişlənir. Bu isə nəticəyönümlü və davamlı birgə fəaliyyətlərin formalaşmasına şərait yaradır.

Peşə təhsili müəssisələrinin müxtəlif festivallarda və yarmarkalarda iştirakı, öz məhsullarını nümayiş etdirməsi həmin müəssisələrin istehsal zəncirində real paya malik olduğunu göstərir. Eyni zamanda bu, regionun sosial-iqtisadi inkişafına töhfə verən mühüm amildir”.

S.Mamedov qeyd edib ki, mütəmadi keçirilən tədqiqatlar və konfranslarda ixtisaslı kadr çatışmazlığının ciddi problem olduğu vurğulanır.

“Bu ehtiyacın mahiyyəti təhsil müəssisələri tərəfindən tam şəkildə dərk olunmadıqda, əmək bazarının tələblərinə uyğunlaşmaq çətinləşir. Qeyd etmək lazımdır ki, bugünkü tələblər sabah dəyişə bilər. Texnologiyaların sürətli inkişafı bu dəyişikliklərin tədris proqramlarına və bacarıqların formalaşdırılmasına operativ şəkildə inteqrasiya olunmasını zəruri edir.

Bu baxımdan peşə təhsili sistemində fəaliyyət çevik və çevrəyə uyğun şəkildə qurulmalıdır. Hüquqi kontekstdə də, peşə təhsili haqqında qanunvericiliyə nəzər saldıqda görürük ki, işəgötürənlərin, dövlət və özəl tərəfdaşların bu prosesdə iştirakı nəzərdə tutulur. Tədris proqramlarının hazırlanmasında işəgötürənlərin iştirakı, təhsil müəssisələrinin idarə olunmasında maraqlı tərəflərin rol alması mühüm şərtdir”.

O əlavə edib ki, beynəlxalq təhlillər də bunu təsdiqləyir. Dünya Bankı və Dünya İqtisadi Forumunun hesabatlarında kənd təsərrüfatı və əlaqəli sahələrdə ixtisaslı kadrlara olan tələbatın artacağı qeyd olunur:

“Bu səbəbdən fəaliyyətlərin daha koordinasiyalı, vahid yanaşma əsasında təşkili böyük əhəmiyyət daşıyır və bu sahədə bilik əsaslı inkişaf üçün geniş imkanlar mövcuddur”.

Xəbər lenti

Xəbər lenti