Bakı. Trend:
“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi və idarə edilməsi məsələlərini tənzimləyir.
Beynəlxalq ikili diplom proqramlarının (bundan sonra - Proqram) həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydaya əsasən müəyyən edilir.
Proqramın təşkili və həyata keçirilməsi bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaiti hesabına maliyyələşdirilir.
Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.
Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.
