Bakı. Trend:
Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlara müraciət edilib.
Bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, sertifikatın formatının təsdiqlənməsi, nə vaxt təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbul olunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir:
"Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığı halda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədə bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər. Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimi işəgötürənlərə təqdim oluna bilər".
Məleykə Abbaszadə qeyd edib ki, sınaq variantda iştirak sayı çox az olub:
"Sınaq variantında imtahandan keçənlərin nəticələri artıq özlərinə təqdim edilib. On milyonluq Azərbaycan əhalisindən ən azı 20 min nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxın şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyən adamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayət etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olan insanların imtahanda iştirakı idi".
