Bakı. Trend:
Qətər Dövləti, xüsusilə rəqəmsal dünyada artan çağırışlar fonunda uşaq və ailənin qorunmasına böyük diqqət yetirir. Bu, ölkənin İslam şəriəti prinsiplərinə və cəmiyyətin dərin köklü mənəvi və milli dəyərlərinə əsaslanır.
Trend xəbər verir ki, bunu Qətərin Sosial inkişaf və Ailə Nazirliyinin Ailə məsələləri üzrə köməkçi katibi Şeyxa Şayka bint Yasim Əl Tani bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Qətər Konstitusiyasında açıq şəkildə qeyd olunur ki, ailə cəmiyyətin əsasını təşkil edir və uşağın qayğısı və istismardan qorunması dövlətin konstitusion vəzifəsidir:
"Bu istiqamətdə, internetdən istifadə zamanı uşaqların təhlükəsizliyinin və məxfiliyinin qorunmasına yönəlmiş bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Bu qanunlardan bəziləri bunlardır:2014-cü il tarixli 14 nömrəli Elektron Cinayətlər Haqqında Qanun – bu qanun uşaqların istismardan və laqeydlikdən qorunmasını təmin edir və internet üzərindən uşaqlara qarşı törədilən cinayətləri cəzalandırır.
2016-cı il tarixli 13 nömrəli Şəxsi Məlumatların Mühafizəsi Haqqında Qanun – bu qanun valideynin razılığı olmadan uşaqlara aid məlumatların toplanmasını qadağan edir.
Qətər qanunvericiliyində rəqəmsal cinayətlərlə bağlı detallı müddəalar yer alır ki, bu da dövlətin uşaqların hüquqlarının müdafiəsinə və ailə təhlükəsizliyinin təmininə sadiqliyini bir daha təsdiqləyir", - o qeyd edib.
