...

Mülkiyyətində olan torpaqlarda çalışanlar və onların ailə üzvləri üçün sosial sığorta haqqı artırılır

Cəmiyyət Materials 29 Dekabr 2025 14:12 (UTC +04:00)
Mülkiyyətində olan torpaqlarda çalışanlar və onların ailə üzvləri üçün sosial sığorta haqqı artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla 15 yaşından "Əmək pensiyaları haqqında" Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablananacaq:

  • 5 hektaradək olduqda – 3 faiz artırılaraq 5 faiz miqdarında;
  • 5 hektardan 10 hektaradək olduqda – 1,5 faiz artırılaraq 7,5 faiz miqdarında;
  • 10 hektardan yuxarı olduqda – 2,5 faiz artırılaraq 12,5 faiz miqdarında.

"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində bildirilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti