Bakı. Trend:
Könüllü açıqlama sisteminin əhatəsi genişləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, könüllü açıqlama səyyar vergi yoxlaması və ya üfüqi monitorinq başa çatdıqdan sonra yoxlama (monitorinq) zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi, habelə səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq həmin halların Vergi Məcəlləsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsi hesab ediləcək.
Bildirilib ki, mövcud qanunvericilikdə vergi ödəyiciləri tərəfindən vergilərin könüllü şəkildə bəyan edilməsi imkanı yalnız səyyar vergi yoxlaması ilə əhatə olunmuş son 3 illik dövr üzrə mümkündür.
Səyyar yoxlama ilə əhatə olunmayan, habelə 3 ildən artıq müddət keçmiş dövrlər üzrə isə vergi ödəyicisinin gəlirlərini könüllü bəyan etmək imkanları yoxdur və bu da onların konstitusion hüquqlarının və vəzifələrinin icrası ilə uzlaşmır.
Bu səbəbdən könüllü açıqlama mexanizminin əhatəsi genişləndiriləcək.
