Bakı. Trend:
İrsi qan xəstəliyi olan şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.
Həmçinin 2026-cı ildə aşağıdakı dövlət proqram və tədbirləri üzrə xərclərin icrası İcbari Tibbi Sığorta Fondunun (İTSF) vəsaitləri hesabına həyata keçiriləcək:
- Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
- Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər ilə bağlı xərclər;
- Hemofiliya xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər;
- Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər;
- "2023-2027-ci illər üzrə ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın maliyyələşdirilməsi ilə bağlı xərclər;
- Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri ilə bağlı xərclər;
- Vərəmlə mübarizə tədbirləri ilə bağlı xərclər;
- Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər.
"Tibbi sığorta haqqında" Qanunda dəyişikliyə əsasən, icbari tibbi sığortanın maliyyə mənbələri siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramları və tədbirlər üçün istifadə ediləcək.
