Bakı. Trend:
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə yeni icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta müəyyən edilib.
Daha əvvəl yuxarıdakı müddəa nəzərə alınmaqla muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta müəyyən edilmişdi.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
