...

ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2025 21:30 (UTC +04:00)
ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf (FOTO)

Bakı. Trend:

Son illərdə Azərbaycan həmkarlar ittifaqları hərəkatında həyata keçirilən islahatlar və yeniliklər təhsil işçilərinin sosial rifahının gücləndirilməsinə, əmək hüquqlarının daha effektiv qorunmasına və müasir idarəetmə mexanizmlərinin tətbiqinə yönəlib. Xüsusilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun tərkibində fəaliyyət göstərən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) bu proseslərdə fəallığı və təşəbbüskarlığı ilə seçilir. Görülən işlərin real nəticələri isə çoxlu sayda təhsil işçisinin və tələbə gənclərin gündəlik həyatında öz əksini tapır.

Trend xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev mətbuata verdiyi müsahibəsində son bir il ərzində həmkarlar ittifaqları sistemində həyata keçirilən əsas yeniliklər, sosial və hüquqi dəstək mexanizmləri, təhsil işçilərinin rifahına yönəlmiş layihələr, regionlarla və özəl təhsil müəssisələri ilə aparılan işlərdən ətraflı söz açıb,eləcə də gələcək hədəflərə toxunub.

Araz müəllim, son bir il ərzində həmkarlar ittifaqları sistemində həyata keçirilən fəaliyyətləri necə ümumiləşdirərdiniz?

Son bir il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, sahə ittifaqları üçün fəaliyyət baxımından kifayət qədər intensiv və nəticəyönümlü olub. Bu dövrdə əsas prioritetimiz üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması və sosialyönümlü mexanizmlərin təkmilləşdirilməsi olub. Ümumilikdə bu mərhələni həm təşkilati baxımdan möhkəmlənmə, həm də praktiki fəaliyyətdə yeni yanaşmaların formalaşdığı bir dövr kimi dəyərləndirmək olar.

AHİK-in son bir ildəki fəaliyyətində hansı əsas yenilikləri xüsusi qeyd edərdiniz?

Son bir il ərzində AHİK-in fəaliyyətində bir sıra mühüm yeniliklər həyata keçirilib.

İlk növbədə struktur islahatlarını, rəqəmsallaşma prosesinin sürətləndirilməsini, əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılmasını, əməyin mühafizəsi və sosial tərəfdaşlığın gücləndirilməsini xüsusi qeyd etmək istərdim. Bu addımlar həmkarlar ittifaqı hərəkatının inkişafında yeni mərhələnin əsasını qoyub.

Ən mühüm yeniliklərdən biri üzvlərimizin rahatlığı üçün tətbiq olunan e-AHİK sanatoriya-kurort elektron rezervasiya sistemidir. Bu sistem üzvlərə sağlamlıq və istirahət mərkəzlərinə yollayışları şəffaf və operativ şəkildə, birbaşa elektron formada əldə etmək imkanı yaradır.

Bununla yanaşı, yollayışların “Bir pəncərə” prinsipi əsasında verilməsi üçün Kurort Turizm İnformasiya Mərkəzi (KTİM) yaradılıb. KTİM müraciətlərin qəbulu, araşdırılması və yollayışların mərkəzləşdirilmiş şəkildə rəsmiləşdirilməsini vahid platformada birləşdirərək prosesləri daha sistemli və səmərəli edib.

Nəticə etibarilə bu mexanizmlər şəffaflığı artırıb, müraciətlərin icra müddətini əhəmiyyətli dərəcədə qısaldıb və vətəndaş məmnunluğunu yüksəldib. Ən vacibi isə həmkarlar ittifaqlarının sosial yönümlü fəaliyyətinin real və ölçülə bilən təsiri üzvlərimiz tərəfindən artıq aydın şəkildə hiss olunur.

Bu çərçivədə fəaliyyət göstərən Çağrı Mərkəzi üzvlərlə operativ əlaqənin qurulmasını, daxil olan müraciətlərin qeydiyyata alınmasını və müvafiq istiqamətlər üzrə yönləndirilməsini təmin edir. Paralel olaraq, Konfederasiyanın məsul əməkdaşları tərəfindən vətəndaşların müntəzəm qəbulu təşkil olunur, müraciətlər yerində dinlənilir və onların həlli istiqamətində konkret addımlar atılır.
Eyni zamanda gənclərin həmkarlar ittifaqı fəaliyyətinə cəlb olunması məqsədilə 2024-cü ilin oktyabr ayından “AHİK könüllüləri” proqramı icra olunur. Qısa müddət ərzində bu təşəbbüsə maraq əhəmiyyətli dərəcədə artıb və artıq 700-dən çox gəncin müraciəti qeydə alınıb.

Əmək hüquqları sahəsində maarifləndirmənin gücləndirilməsi məqsədilə ölkənin tanınmış ictimai simalarının iştirakı ilə “Layiqli Əmək Səfirləri” layihəsi həyata keçirilir. Bu təşəbbüs cəmiyyətdə layiqli əmək dəyərlərinin təşviqinə xidmət edir. Qeyd olunan bütün fəaliyyətlər Konfederasiyanın 2025–2027-ci illər üzrə təsdiqlənmiş inkişaf strategiyasına uyğun şəkildə reallaşdırılır. Strategiya çərçivəsində müəyyənləşdirilmiş 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı mərhələli şəkildə icra olunur və artıq praktiki nəticələr verməkdədir.

Bu yeniliklər təhsil işçilərinin həyatında hansı real dəyişikliklərə səbəb olub?

Əsas məqsədimiz elm və təhsil işçilərinin sosial rifahını gücləndirmək, hüquqi təminatını və inkişaf imkanlarını artırmaq olub. Bu baxımdan son dövr həm təşkilati, həm sosial, həm də maarifləndirici istiqamətdə kifayət qədər zəngin olub.

Əmək hüquqlarının müdafiəsi artıq sistemli şəkildə həyata keçirilir. Müraciətlərin qəbulu, araşdırılması və nəticələndirilməsi üzrə vahid mexanizm formalaşdırılıb. İşdən azad olunma, işə bərpa və əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər hüquqi çərçivədə həll olunur. 2024–2025-ci illəri əhatə edən dövrdə yüzlərlə müraciətə baxılıb, onlarla təhsil işçisinin hüquqları bərpa olunub. Bu, müəllimlərin özlərini daha güvənli hiss etməsinə şərait yaradır.

Sosial dəstək sahəsində də mühüm nəticələr əldə edilib. Sosial həssas qruplar daim diqqət mərkəzində saxlanılır. 2025-ci il ərzində 71 min nəfərdən çox ittifaq üzvünə mükafat və maddi yardımlar təqdim edilib. Yardımlar sosial həssas təbəqədən olan təhsil işçilərinin ehtiyaclarına yönəlib. Eyni zamanda cari il ərzində ümimilikdə 40 min nəfər olmaqla təhsil işçisi və ailə üzvləri sanatoriya-kurort müəssisələrində güzəştli şərtlərlə istirahət və sağlamlıq proqramlarından yararlanıb ki, bu da əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artım deməkdir.
Bundan əlavə, AHİK-in cari ildə yaratdığı Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi vasitəsilə üzvlərə peşəkar hüquqi məsləhətlər və maarifləndirici təlimlər təqdim olunur. AHİK-in təşəbbüsü ilə ETİHİ və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə həyata keçirilən layihələr çərçivəsində liderlik, effektiv kommunikasiya, süni intellekt və əməyin təhlükəsizliyi mövzularını əhatə edən “Sinerji” və IOSH təlim proqramları, eləcə də ETİHİ-nin üzv təşkilatlarının rəhbər şəxsləri üçün “Tətbiqi əmək hüququ və sosial təminat” adlı sertifikasiya kursları təşkil olunub.

İdarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı əsasında Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib.

Maarifləndirici və sosial layihələr də genişlənib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə bədii yaradıcılıq müsabiqə-festivalı təşkil olunub, məktəblilər üçün “Ən yaxşı təqdimat” layihəsi reallaşdırılıb. “Həmkar təqaüdü” proqramı çərçivəsində təqaüd alanların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmış və 2025-ci ildə 408 tələbə bu təqaüdlə təmin olunub. Hənifə Məlikova adına “Qızların Təhsilinə Dəstək” layihəsindən 189 tələbə, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbə təqaüd proqramına cəlb edilib.

Eyni zamanda alimlər, məktəbəqədər təhsil işçiləri və şəhid ailələri üçün sosial yönümlü düşərgələr təşkil edilib, şəhid övladlarının geyim və digər sosial ehtiyaclarını əhatə edən layihələr uğurla icra olunub. Təxminən 10 min təhsil işçisini əhatə edən psixoloji dəstək proqramı, 500 ittifaq üzvünün iştirak etdiyi “Ustad dərsi” layihəsi, eləcə də 3 min nəfər təhsil işçisini əhatə edən xüsusi güzəştli qiymətlərlə təqdim edilən “Push-30” layihəsi həyata keçirilib.

Sağlam həyat tərzinin təşviqi məqsədilə 1200 nəfər təhsil işçisinin qatıldığı “Spartakiada” yarışları keçirilib, həmçinin müəllimlərimiz Bolqarıstanda keçirilən Müəllimlərin XXI Yay İdman Oyunları çərçivəsində təşkil olunmuş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil ediblər. Sözügedən yarışlarda stolüstü tennis və fərdi şahmat yarışları üzrə birinci yer qazanılıb.

Bundan əlavə, ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə IX-XI siniflərdə təhsil alan şagirdlər arasında “Sabahın alimləri” XIV Respublika Müsabiqəsi keçirilib. 138 layihə sərgidə iştirak edib və 58 layihə üzrə 106 şagird qalib elan edilib. 5 layihə üzrə 9 şagird ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərinə səfər edib və kompüter elmləri üzrə 1 layihə bürünc medal qazanıb. Eyni zamanda Milli Təhsil Zirvəsi kimi mühüm təşəbbüslər həyata keçirilib.

Bu istiqamətdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır. Bu layihələr sırasında “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nu xüsusi qeyd etmək istəyirəm. Forum gənc pedaqoqlar arasında peşəkar ünsiyyətin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm platforma oldu.

Eyni zamanda son aylarda Gəncə Basketbol Klubunun idarəçiliyinin ETİHİ-yə həvalə olunması təşkilatın idman və gənclərlə iş sahəsində fəaliyyətinin genişləndirilməsi baxımından mühüm addımdır.

Bununla yanaşı, ETİHİ-nin beynəlxalq əməkdaşlıq və idmanın təşviqi istiqamətində fəaliyyəti də xüsusi diqqət mərkəzində olub. Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Universitetləri Futzal Çempionatında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı , Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası çempionatın qalibi olaraq möhtəşəm nailiyyətə imza atıb.

2025-ci il ərzində təşkil edilən ali təhsil müəssisələrinin tələbələri arasında intellektual yarışlara 13 min tələbə qatılmışdır.
Həyata keçirilən layihələr çoxdur. Hesab edirəm ki, əldə olunan bu nəticələr həm sağlam həyat tərzinin təşviqi, həm də həmkarlar ittifaqları arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ETİHİ Respublika Komitəsi olaraq bu proseslərdə iştirakınız necə qurulub?

ETİHİ olaraq AHİK-in bütün təşəbbüslərində fəal iştirak edirik. Əsas məqsədimiz qəbul olunan qərarların və tətbiq olunan yeniliklərin təhsil işçilərinə real fayda verməsini təmin etməkdir. Son bir il ərzində üzv bazasının dəqiqləşdirilməsi, elektron sistemlərin tətbiqi, mühasibat və idarəetmə uçotunun avtomatlaşdırılması istiqamətində ardıcıl və sistemli işlər görülüb. Bu addımlar şəffaflığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb.

Hüquqi dəstək və əməyin mühafizəsi sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?

Hüquqi dəstək və əməyin mühafizəsi sahəsi fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu məqsədlə yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi vasitəsilə üzvlərimizə peşəkar hüquqi məsləhətlər verilir, eyni zamanda maarifləndirici təlimlər və praktiki sessiyalar təşkil edilir. Məqsəd problemləri vaxtında aşkar etmək və onları hüquqi çərçivədə həll etməkdir. Bir sözlə hər bir təhsil işçisi bilməlidir ki, onun əmək hüquqları, iş şəraiti və ya təhlükəsizliklə bağlı müraciət edə biləcəyi etibarlı və əlçatan bir ünvan var.

Özəl təhsil müəssisələri ilə bağlı fəaliyyət hansı mərhələdədir?

Özəl təhsil müəssisələri ilə bağlı fəaliyyətimiz ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Əsas istiqamətlərdən biri bu müəssisələrdə kollektiv müqavilələrin bağlanmasının təşviqi və tətbiqidir. Məhz bu müqavilələr vasitəsilə özəl təhsil sahəsində əmək şəraitinin yaxşılaşdırılması, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının, eləcə də qanuni mənafelərinin daha etibarlı şəkildə qorunması təmin olunur.

Aparılan işlərin nəticəsi olaraq özəl təhsil müəssisələrində çalışan əməkdaşların həmkarlar ittifaqına marağı artıb və onlar könüllü şəkildə ittifaqımıza üzv olublar. Son bir il ərzində təxminən 10 özəl təhsil müəssisəsində həmkarlar ittifaqı təşkilatları yaradılıb və ETİHİ-yə üzv olub.

Regionlarla iş necə təşkil olunur?

Hazırda regionlarda 6 minə yaxın ilk həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. İlk təşkilat sədrləri ilə mütəmadi olaraq keçirilən görüşlər, yerində aparılan müzakirələr və qarşılıqlı fikir mübadiləsi real vəziyyəti düzgün qiymətləndirməyə imkan verir. Regionlarda görülən işlər, həmçinin səsləndirilən təklif və təşəbbüslər gələcək fəaliyyət planlarımızın formalaşmasında mühüm rol oynayır.
Elm və Təhsil Nazirliyi ilə yeni Kollektiv Saziş imzalanıb və üzv təşkilatlarımız, eləcə də həmkarlar ittifaqları təşkilatlarımız da işəgötürənlərlə müvafiq qaydada kollektiv müqavilələr bağlayıblar. Bütün bu addımlar təhsil işçilərinin əmək hüquqlarının qorunmasına xidmət edir.

Sonda elm və təhsil işçilərinə mesajınız nədir?

Elm və təhsil işçilərinin rifahı, təhlükəsiz və layiqli əmək şəraiti fəaliyyətimizin əsas istiqamətidir. Bu yolda birlik, qarşılıqlı etimad və əməkdaşlıq əsas dəyərlərimizdir. ETİHİ olaraq hər zaman təhsil işçisinin yanında olmağa, onları dəstəkləməyə davam edəcəyik. Birlikdə daha güclü və daha dayanıqlı əmək mühiti quracağımıza inanırıq.

Xəbər lenti

Xəbər lenti