...

UNEC alimləri Avropada: dörd ölkədə elmi səfərlər, yeni tərəfdaşlıqlar (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2026 12:57 (UTC +04:00)
UNEC alimləri Avropada: dörd ölkədə elmi səfərlər, yeni tərəfdaşlıqlar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UNEC alimləri elmi fəaliyyətlərini Avropanın aparıcı universitetlərində davam etdiriblər.

Belə ki, universitetin 6 tədqiqatçısı Belçika, Almaniya, İtaliya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində elmi ezamiyyətlərdə olub. Alimlər fərqli sahələr üzrə tədqiqatlar apararaq, yeni əməkdaşlıqların əsasını qoyublar və birgə elmi fəaliyyətlər üzrə razılaşmalar əldə ediblər.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri dosent Tural Nağıyev Belçikanın Gent Universitetində elmi səfər çərçivəsində universitetlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçiriblər.

Səfər zamanı UNEC-də hazırlanmış yeni nəsil nanoölçülü materiallar Gent Universitetinin müasir laboratoriya imkanları əsasında tədqiq olunub və materialların elmi-tətbiqi potensialı qiymətləndirilib.

Görüşlərin nəticəsi olaraq tərəflər arasında uzunmüddətli elmi əməkdaşlıq perspektivləri müəyyən edilib. Əməkdaşlıq çərçivəsində 2026-cı ilədək bir sıra birgə elmi məqalələrin hazırlanması, eləcə də Gent Universiteti alimlərinin UNEC-də keçiriləcək beynəlxalq elmi konfranslarda daha geniş iştirakının təmin edilməsi barədə razılıqlar əldə olunub.

UNEC-in tədqiqatçı müəllimi, i.f.d. Həsrəddin Quliyev Almaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində üç həftəlik elmi ezamiyyətdə olub. Səfər çərçivəsində o, universitetin Biznes Məktəbi nəzdində həyata keçirilən tədqiqatlarla tanış olub, dairəvi iqtisadiyyat və süni intellektin iqtisadi təsirləri üzrə müasir yanaşmaları öyrənib.

Ezamiyyət zamanı Almaniyada karbon emissiyalarının ölçülməsi üçün yaradılmış məlumat bazası, karbon vergisi mexanizmləri və süni intellektin əmək bazarına təsiri ilə bağlı müzakirələr aparılıb. Nəticə etibarilə UNEC ilə Fridrix-Aleksandr Universiteti arasında birgə elmi tədqiqatların aparılması barədə razılıq əldə olunub və 2026-cı ildə süni intellektin işsizliyə təsirini araşdıran birgə məqalənin dərc olunması planlaşdırılıb.

“İqtisadiyyat” kafedrasının dosenti Suqra Hümbətova ilə “Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurova isə bir ay müddətində İtaliyanın Luigi Vanvitelli Kampaniya Universitetində (Universita degli Studi della Campania Luigi Vanvitelli) tədqiqat aparıblar.

Araşdırmalar çərçivəsində Azərbaycan - İtaliya enerji münasibətləri, dünya neft bazarında qiymət dəyişkənliyinin makroiqtisadi göstəricilərə təsiri təhlil edilib. Tədqiqat nəticələrinin Scopus indeksli jurnalda dərc olunması nəzərdə tutulur. UNEC alimləri eyni zamanda İtaliyanın digər ali təhsil müəssisəsində keçirilən beynəlxalq konfransda da iştirak ediblər.

Türkiyənin Yıldız Texnik Universitetinə ezam olunan UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Aytən Niyazova UNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşməni YTU-nun müasir laboratoriyalarında tədqiq edib.

Araşdırmalar zamanı maddələrin daxili quruluşu, sabitliyi və qarşılıqlı təsirləri öyrənilib, onların gələcək elmi və praktik tətbiqləri üçün perspektivləri müəyyən edilib. Bu tədqiqatlar əsasında beynəlxalq elmi jurnalda məqalə dərc olunması planlaşdırılır. Səfər çərçivəsində UNEC ilə Yıldız Texnik Universiteti arasında birgə elmi layihələr üzrə razılaşmalar da əldə edilib.

Görüşlər zamanı UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq elmi jurnalı JEAS (UNEC Journal of Engineering and Applied Sciences) tərəfdaşlara təqdim olunub və jurnalla bağlı mümkün elmi əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti