...

Ağdərənin 4 kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb: açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 9 Yanvar 2026 15:10 (UTC +04:00)
Ağdərənin 4 kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb: açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç prosesi baş tutub. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailə, Aşağı Oratağ kəndinə isə 31 ailə (119 nəfər) köçürülüb. Ümumilikdə bu gün 337 nəfərdən ibarət 89 ailə doğma yurduna dönüb.

Açarların təqdimatında çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib, kəndlərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastrukturlar və həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib, sakinlərə xoşbəxt, təhlükəsiz həyat arzulayıb.

O bildirib ki, kəndlərdə infrastruktur təminatı yaradılıb, kommunal xidmətlər bərpa olunub, yaşayış üçün zəruri şərait təmin edilib və burda sakinlərin yalnız məskunlaşdırılması deyil, həm də onların məşğulluq məsələlərinin həlli prioritet istiqamətlərdəndir.

T. Kərimlinin sözlərinə görə, köç edən sakinlərin peşə və ixtisaslarına uyğun olaraq həm özəl sektorda, həm də dövlət qurumlarında işlə təminatı istiqamətində sistemli tədbirlər görülür və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Ağdərənin Aşağı Oratağ kəndində isə sakinləri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.

Açarları sakinlərə təqdim edən S. Qəhrəmanov bildirib ki, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti-quruculuq proqramı planlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun icra olunur. Onun sözlərinə görə, kənddə yalnız yaşayış evləri deyil, həmçinin sosial infrastruktur, yol-nəqliyyat sistemi, kommunal xidmətlər- enerji, su, qaz, digər mühüm təminat xətləri yenidən qurulub ki, bu layihələrin də məqsədi sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etməkdir.

Qeyd edək ki, növbəti mərhələlərdə Ağdərə rayonunun digər yaşayış məntəqələrinə də mərhələli şəkildə köçün davam etdirilməsi planlaşdırılır. Hazırda rayonun bir sıra yaşayış məntəqələrində tikinti və bərpa işləri həyata keçirilir.

xxx
15:07

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 9-da Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

xxx
14:27

Tərtər. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74 nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti