Bakı. Trend:
Hamiləlik dövründə normal çəki artımı 10–16 kiloqram arasında olmalıdır. Doğuşdan sonra bu artıq çəkinin təxminən 8–10 kiloqramı təbii şəkildə azalır.
Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.
Onun sözlərinə görə, müayinələrdən keçmədən, çəki artımının səbəblərini dəqiqləşdirmədən pəhriz marafonlarına qoşulmaq təhlükəlidir:
“Azhərəkətlilik isə həddindən artıq çəki artımına səbəb ola bilər. Doğuşdan sonrakı ilk altı ay ərzində qadınlar çəki vermək məqsədilə pəhriz proqramlarına aludə olmamalıdırlar. Altı aydan sonra isə çəkinin azaldılması məsələsi həkim məsləhəti ilə gündəmə gətirilə bilər. Nəzərə almaq lazımdır ki, hamiləlik və zahılıq dövrü qadın orqanizminin ən həssas mərhələlərindən biridir. Bu dövrlərdə sağlamlığın sosial şəbəkələrdə yayılan marafonlara, eləcə də heç bir tibbi müayinə aparılmadan qeyri-peşəkar şəxslər tərəfindən tərtib edilən pəhrizlərə həvalə edilməsi yolverilməzdir".
Həkim qeyd edib ki, çəki artımının yeganə səbəbi alimentar, yəni qidalanma amili deyil:
"Bəzi hallarda tövsiyə edilən arıqlama çayları ciddi sağlamlıq riskləri yarada bilər. İlk baxışdan təhlükəsiz görünən bu cür qeyri-peşəkar yanaşmalar sonradan ağır fəsadlara gətirib çıxara bilər. Bu tip marafonları təşkil edən şəxslər əksər hallarda qeyri-peşəkar olurlar. Müayinələrdən keçmədən və çəki artımının səbəbi dəqiqləşdirilmədən pəhriz tətbiq etmək təhlükəlidir. Bu cür pəhrizlər vasitəsilə qısa müddətdə çəki vermək mümkün olsa da, bir müddət sonra daha artıq çəki yığılması müşahidə edilir. Çünki bu yanaşmalar maddələr mübadiləsinin bütün mexanizmlərini pozur”.
