...

Tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək - Rəhman Hümmətov

Cəmiyyət Materials 28 Yanvar 2026 12:25 (UTC +04:00)
Tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək - Rəhman Hümmətov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tramvayın bir çox üstünlükləri var. Tramvaylar yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür.

Trend xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

O bildirib ki, tramvaylar avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir:

“Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər”.

R.Hümmətov əlavə edib ki, dünya təcrübəsi göstərir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha bir üstünlüyüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti