Bakı. Trend:
Universitetlər gələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu gün Bakıda keçirilən “Qoşulmama Hərəkatının Gənclik Həftəsi” adlı tədbirdə çıxışında deyib.
“İnsanın dəyərlərinin və dünyagörüşünün formalaşdığı dövr məhz universitet illəridir. Hamınız ya artıq tələbə olmusunuz, ya da hazırda tələbəsiniz və məhz siz, o cümlədən biznes və dövlət sektorunda gələcək liderlərsiniz. Buna görə də universitetlər gələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Məzunlar şirkət rəhbərlərinə və ya dövlət qurumlarının başçılarına çevrildikdə ekoloji məsələlərə, ‘yaşıl’ enerjinin inkişafına, tullantıların təkrar istehsalına, enerjiyə qənaətə və planetin qorunmasına bütövlükdə daha ciddi yanaşmağa başlayırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, tələbələrə dayanıqlı inkişaf üzrə ən yaxşı dünya təcrübələri nümayiş etdirilir, ətraf mühitə və planetə gündəlik fəaliyyətlər və uzunmüddətli strategiyalar vasitəsilə necə qayğı göstərməyin mümkün olduğu izah olunur.
“Gələcəkdə rəhbər vəzifələr tutduqda, onlar bu yanaşmaları siyasət və idarəetmə səviyyəsində tətbiq etmək imkanı əldə edirlər”, – deyə F. İsmayılzadə qeyd edib.
O həmçinin vurğulayıb ki, ADA Universitetinin baxışı da məhz bundan ibarətdir. Universitetin ərazisində “Masdar” şirkətinin iştirakı ilə günəş panelləri quraşdırılıb, həmçinin geotermal qurğular yaradılıb.
“Beləliklə, biz bərpa olunan enerji üzrə ən yaxşı təcrübələri yalnız nəzəriyyədə deyil, həm də tədqiqatlar və konkret layihələr vasitəsilə praktikada tətbiq edirik”, – deyə F. İsmayılzadə bildirib.
