Bakı. Trend:
2025-ci ildə Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, 109 vətəndaşa mühafizə orderi verilib.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə isə 108 belə muhafizə orderi verilib:
"2023-cü illə müqayisədə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb. Belə ki, Komitə tərəfindən 2022- ci ildə 46, 2023-cü ildə 83 mühafizə orderi verilib".
Qeyd edək ki, mühafizə orderi zərərçəkmişi zorakılıq törədən şəxsdən qoruyan hüquqi aktdır. Yəni zərərçəkmiş müraciət edərək, qısamüddətli və ya uzunmüddətli mühafizə orderi əldə edə bilər. Qısa müddətli mühafizə orderi zərərçəkmişə icra hakimiyyəti orqanları tərəfindən verilə bilər. Bu zaman zorakılığı törədən şəxsə 30 gün müddətində zorakılığın təkrar törədilməsi, zərərçəkənin ünvanını axtarması və ona narahatlıq gətirən davranışlara yol verməsi qadağan edilir. Uzun müddətli mühafizə orderi isə 180 gün müddətinə verilir.
