Bakı. Trend:
İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən birbaşa ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.
İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallar yuxarıdakı abzas istisna olmaqla tibbi xidmətlərə münasibətdə xidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahı ilə müəyyən olunur.
