Bakı. Trend:
Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən və 10 minədək əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən qəzalı körpü əsaslı şəkildə yenidən qurulur.
Trend xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə yenilənən körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə təhlükəsiz, rahat və fasiləsiz gediş-gəlişinə şərait yaradacaq.
Layihəyə əsasən, körpünün eni 12 metr, uzunluğu 63 metr olmaqla 3 aşırımlı inşa edilməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev körpü keçidində tikintinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, yeni körpü müasir standartlara uyğun inşa olunur. İşlərin qısa müddətdə başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub.
Elnur Rzayev layihədə nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün iş icraçılarına müvafiq tövsiyələrini verib.