...

Su anbarlarından çıxarılan qum və çınqılın istifadəsi qanuniləşdirilir

Cəmiyyət Materials 24 Fevral 2026 12:53 (UTC +04:00)
Su anbarlarından çıxarılan qum və çınqılın istifadəsi qanuniləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Yerin təki haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.

Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur.

Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.

Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir.

Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti