...

Gülər Əhmədova: "Azərbaycan vətəndaşlarını o ölkələrə övladlığa verib ki, onların bizim qarşımızda hüquqi cavabdehliyi yoxdur"

Cəmiyyət Materials 24 May 2006 12:13 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının əcnəbilərə övladlığa verilməsi qəbulolunmazdır. Trend xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib.

Millət vəkili onu da bildirib ki, Azərbaycanda indi uşaqların övladlığa götürülmə prosesi çox sadələşdirilib: "Bu məsələ ilə bağlı əvvələr yaranan problemlər indi aradan qaldırılıb. Bakı şəhər Səhiyyə İdarəsi bu prosesi lazımi səviyyədə tənzimləyib".

G.Əhmədova Azərbaycan vətəndaşlarının əcnəbilərə övladlığa verilməsinə Ədliyyə Nazirliyi tərəfindən qadağa qoyulduğunu da vurğulayıb. Qeyd edib ki, bu məsələni diqqətdə saxlamaqdan ötrü adıçəkilən nazirlik tərəfindən xüsusi komissiyanın yaradılacağı qərara alınıb: "Bildirmişdilər ki, komissiya yaradılanda bizə də müraciət olunacaq. Ancaq bizə hələlik heç bir müraciət daxil olmayıb".

G.Əhmədova övladlığa verilən uşaqların sonrakı taleyi ilə bağlı məsələyə də münasibətini bildirib: "Bir vaxtlar uşaq alveri ilə bağlı cinayət işi qaldırılmışdı. Nəticə olaraq Respublika Prokurorluğu bu məsələ ilə bağlı müxtəlif xarici ölkələrə 200-ə yaxın sorğu göndərib. Ancaq heç bir sorğuya cavab verilməyib". Millət vəkili Azərbaycanın sorğularına cavab verilməyəcəyini də qeyd edib. Bildirib ki, Azərbaycan övladlığa götürməklə bağlı beynəlxalq konvensiyaya imza atıb: "Biz övladlarımızı o ölkələrə vermişik ki, onlar bu sənədə imza atmayıblar. Ona görə də həmin ölkələrin bizim qarşımızda heç bir hüquqi cavabdehliyi yoxdur".

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanda kişi və qadın sonzluğu problemi kifayət qədər ciddidir. Övladlığa uşaq götürmək arzusunda olanların sayı da yetərincədir: "Bu baxımdan Azərbaycan vətəndaşlarını əcnəbilərə övladlığa vermək heç də bizim üçün həyati zəruri məsələ deyil".

Xəbər lenti

Xəbər lenti