"Qanunsuz fəaliyyət göstərən "Müstəqil Azərbaycan" universitetində təhsil alan tələbələrin dövlət ali təhsil məktəblərinə köçürülmələri ilə bağlı müraciətləri əsassızdır və yerinə yetirilməyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, bu universitetin təxminən 1700 tələbəsi qanunsuz təhsil alır. Çünki tələbə qəbulu TQDK tərəfindən deyil, universitet rəhbərliyi tərəfindən keçirilib. M.Abbaszadə bildirib ki, özəl ali təhsil məktəblərinə lisenziya vermək hüququ Azərbaycan Təhsil Nazirliyinə aiddir və TQDK-nın bu lisenziyaların qüvvədə olma müddəti haqqında məlumat almaq imkanı yoxdur.
O, özəl təhsil ocaqlarının məzunlarının bilik səviyyəsindən də narazılıq bildirib. "Bu universitetlərin əlaçı diplomu təqdim edən məzunlarının əksəriyyəti dövlət qulluğuna qəbul imtahanlarında hətta minumum bal da toplaya bilmir", - deyə o bəyan edib.