Avqustun 3-də Ağır Cinayətlərə Dair Azərbaycan Məhkəməsinin hökmü ilə insan alverçisi Rəfiqə Babayeva 5 il müddətinə azadlıqdan məhrum edilib. Trend in xəbərinə görə, məhkəmə hökmünü hakim Azər Cəfərov elan edib.
Məhkəmə yolu ilə sübuta yetirilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə (insan alveri) təqsirli bilinən Rəfiqə Cəfərova yaxın tanışı Z.Məmmədovanı (ad şərtidir) işə düzəltmək bəhanəsi ilə Türkiyə Respublikasına aparıb və orada pul qazanmaq məqsədilə sonuncunu fahişəliyə cəlb edib. Mart ayının 31-də hər iki qadın Türkiyənin hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq Azərbaycana deportasiya olunub.
Azərbaycana qayıtdıqdan sonra Z.Məmmədova Rəfiqə Cəfərovanın hərəkətlərindən yerli hüquq-mühafizə orqanlarına məlumat verib. Həmin məlumatlar yoxlanıldıqdan sonra Rəfiqə Cəfərova həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.