...

Hacı Məmmədovun məhkəməsi bandanın girovluğunda saxlanılmış şəxslərin ifadələri ilə davam etdirilib

Cəmiyyət Materials 1 Noyabr 2006 14:03 (UTC +04:00)

Noyabrın 1-də Hacı Məmmədovun məhkəməsi bandanın girovluğunda saxlanılmış şəxslərin ifadələri ilə davam etdirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Əvvəlcə Beynəlxalq bankın Bakı filialının müdiri Anar Sultanov zərərçəkən qismində ifadə verərək bildirib ki, 2002-ci ildə onu keçmiş "Olimp" mağazasının qarşısnıda oğurlamağa cəhd göstəriblər. Lakin təsadüf nəticəsində baş tutmayıb. Yalnız istintaq zamanı ona məlum olub ki, onu oğurlamaq istəyənlər Hacı Məmmədovun bandasının üzvləri imiş.

Digər zərərçəkən Ülvan Bağırov ifadəsində göstərib ki, 1997-ci ilin fevral ayında səhər saatlarında işə gedərkən bir neçə silahlı şəxs Azərbaycan prospektində maşından düşərək ona hücum edib. Tapançanı başına dirəyərək onu maşına oturdublar və başına torba keçiriblər. "Maşınla təqribən 40 dəqiqə gedəndən sonra bir həyətə girdik. Hiss etdim ki, məni zirzəmiyə saldılar. 39 gün girovluqda qaldım. Məni girovluqdan azad etmək üçün 1 milyon dollar tələb etsələr də, sonradan 650 min dollara razılaşdılar" - deyə zərərəçəkən bildirib.

Daha sonra məhkəmədə zərərçəkən qismində Dövlət Kommersiya Sığorta Şirkətinin rəhbərinin oğlu Əhməd Məmmədov dindirilib. Zərərçəkən bildirib ki, hazırda Beynəlxalq bankın Səbail rayon filialının müdiridir. 1999-cu ildə oğurlanarkən isə həmin filialda inspektor vəzifəsində çalışıb. "8 ay girovluqda saxlanmışam. Mənim girovluqdan azad edilməyim üçün 850 min dollar ödənilib" - deyə zərərçəkən qeyd edib.

Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti