Noyabrın 9-da Bakıda öz işinə başlayan "Konstitusiya Məhkəməsi ilə ümumi yuridiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr" mövzusunda beynəlxalq konfransın birinci gününə nəzərdə tutulmuş müzakirələr başa çatıb. Trend in xəbərinə görə, günün ikinci yarısı davam etdirilmiş iclasa Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio sədrlik edib.
İclasın işində "Azərbaycan Respublikasında Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr: Nəzəri və praktiki yanaşmalar" mövzusunda Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov, "Konstitusiya Məhkəməsi və Ali Məhkəmə arasnıda qarşılıqlı əlaqələr" mövzusunda Azərbaycanın Ali Məhkəməsinin hakimi Bağır Əsədov, "Federal Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında əlaqələr: Almaniyanın təcrübəsi" mövzusunda Almaniyanın Konstitusiya Məhkəməsinin müşaviri Oliver Klayn, "Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında əlaqələr: Belçika təcrübəsi" mövzusunda Belçika Arbitraj Məhkəməsinin müşaviri Jan Toni məruzə ilə çıxış ediblər.
Bütün məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Noyabrın 10-da konfrans öz işini başa çatdıracaq.