...

ÜAK-ın Moskva təşkilatının sədri: "Bu günədək azərbaycanlılar Rusiyadan kütləvi şəkildə deportasiya edilməyib"

Cəmiyyət Materials 8 Yanvar 2007 14:46 (UTC +04:00)

Yanvar ayı başlanandan bəri Rusiyada yaşayan azərbaycanlılar kütləvi şəkildə deportasiya edilməyiblər. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, paytaxt Moskvada azərbaycanlılarla bağlı cəmi bir neçə hadisə olub. Bugünədək kütləvi deportasiya isə müşahidə edilməyib: "Bayram günlərində biz Moskvada 4 nəfər azərbaycanlının problemləri ilə maraqlanmışıq. Onlardan ikisinin işi məhkəməyə göndərilib. İkisi isə lazımi sənədləri olmadığına görə özləri könüllü şəkildə Azərbaycana qayıdırlar. Sənədlərini qaydasına salıb yenidən Moskvaya gələcəklər. Ümumiyyətlə, deportasiya prosesi yanvarın 10-dan sonra aktivləşə bilər".

İlqar Hacıyev deyib ki, ÜAK-ın Rusiyanın vilayətlərindəki regional təşkilatlarında qərargahlar yaradılıb. Bu qərargahlarda təşkilatın rəhbərliyi, vəkillər çalışır, müraciət edən azərbaycanlılara köməklik göstərilir. İ.Hacıyev qeyd edib ki, hələ ötən ay Rusiyada dəmiryol vağzalı və digər marşrutlarda azərbaycanlılar arasında bukletlər paylanılıb, problemlərlə bağlı müvafiq qərargahlara müraciət etmələri üçün telefon nömrələri göstərilib. İ.Hacıyevin sözlərinə görə, artıq qərargahlara çoxlu sayda telefon zəngləri daxil olur. İ.Hacıyev onu da deyib ki, Rusiyanın bazarlarında çalışan azərbaycanlıların çıxarılması hallarına da rast gəlinmir. Çünki problemlərlə üzləşməmək üçün soydaşlarımız bazarlarda işlərini artıq başqa cür qurublar.

ÜAK rəsmisinin sözlərinə görə, miqrasiya qaydalarının pozulmasına görə, ötən dekabr ayında Rusiyadan daha çox taciklər, gürcülər deportasiya ediliblər.

Xəbər lenti

Xəbər lenti