...

Azərbaycanla Avropa Məhkəməsi arasında şikayətlərə dair danışıqlar aparılır

Cəmiyyət Materials 7 Aprel 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan dövləti ilə İnsan Haqları üzrə Avropa Məhkəməsi arasınad 25 şikayət üzrə yazışma aparılır. Bu barədə Trend ə şənbə günü Azərbaycan dövlətinin İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Əsgərov bildirib ki, yazışma aparılan şikayətlərin böyük qismi Əsas İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu ilə bağlıdır. Əsgərov şikayətlər sırasında ictimaiyyətin diqqət mərkəzində olan işlərin olmadığını deyib.

Azərbaycana qarşı Avropa Məhkəməsinin çıxardığı qərarların icrasına gəlncə isə, səlahiyyətli nümayəndə bildirib ki, hazırda Fəhmin Hacıyevin şikayəti əsasında çıxarılan qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülür və yaxın vaxtlarda qərar icra olunacaq.

2006-cı il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 1560 qərar qəbul edilib. 2006-cı ilin sonunda Avropa Məhkəməsinin icraatında 89 min 887 ərizə qalıb ki, bu da 2005-ci ilə nisbətən 40 faiz çoxdur.

2002-ci ildən 2006-cı ilin sonunadək İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan dövləti arasında 35 şikayət üzrə yazışma aparılıb. Həmin işlərdən 11-i bu və ya digər səbəblərdən Avropa Məhkəməsi tərəfindən rədd edilib, 1 iş üzrə (Fəhmin Hacıyev) Azərbaycana qarşı qərar qəbul olunub. 2007-ci ildə Avropa Məhkəməsi Azərbaycandan göndərilən şikayətlərlə bağlı 2 qərar qəbul edib. Sərdar Cəlaloğlu və "Evsiz bakılılar"ın işləri üzrə çıxarılan qərarlarda dövlətin həmin vətəndaşlara müvafiq məbləğdə təzminat ödəməsi qeyd olunub. Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlər Avropa Konvensiyasının bütün maddələrini əhatə edir. Şikayətlərin böyük qismi isə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 11-ci (birləşmək hüququ), və Birinci Protokolun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozulması ilə bağlıdır.

Azərbaycandan Avropa Məhkəməsinə 2003-cü ildə 360, 2004-cü ildə 251, 2005-ci ildə isə 172 şikayət göndərilib.

Xəbər lenti

Xəbər lenti