...

Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkilinin apellyasiya şikayəti üzrə iclas davam etdirilib

Cəmiyyət Materials 15 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə bu gün Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin şikayəti üzrə hazırlıq iclası davam etdirilib. İclasda təqsirləndirilənlərdən 14 nəfər iştirak edirdi. Dəstə başçısı Hacı Məmmədov iclasda iştirak etmirdi.

Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli birinci instansiya məhkəməsi dövründə hüquqlarını müdafiə etdiyi şəxsin çoxsaylı müdafiə hüquqlarının pozulmasını əsas gətirərək cinayət işinin ona aid hissəsinin ayrılaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilməsi barədə vəsatət verib.

Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov isə cinayət işinin yenidən birinci instansiya məhkəməsinə qaytarılması, Nəsirov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının təzələnməsi və bir qrup sübutların məhkəməyə təqdim olunması və şahidlərin prosesdə iştrakının təmin olunması barədə vəsatətlə çıxış edib. İsmayılov məhkəmədə baş prokuror Zakir Qaralovun, müavini Rüstəm Usubovun, Baş Prokurorluğun idarə rəisi Eldar Əhmədovun, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin rəis əvəzi Tələt Məmmədovun şahid qismində dindirilməsini vacib sayıb.

Novruz Nuriyevin vəkili Ağazahid Qulamov isə hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin bu işdən ayrılması və ayrı icraata götürülməsi barədə vəsatət verib. Proses iştirakçıları vəsatətlərin təmin olunmasını xahiş ediblər.

Dövlət ittihamçısı isə vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən 2 saat vaxt istəyib. Proses saat 16-da davam etdiriləcək.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hacı Məmmədov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayevə 15 il, Nailə Quliyevaya (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılova (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyevə (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyevə 8 il iş verilib. Aqil Hüseynov və Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib

Xəbər lenti

Xəbər lenti