...

Dövlət Komitəsinin sədri: "ABŞ-da Azərbaycan diaspor təşkilatlarının yaradılmasına başlanılıb"

Cəmiyyət Materials 25 May 2007 13:48 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "ABŞ-da Azərbaycan diaspor təşkilatlarının yaradılmasına başlanılıb"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ-da siyasi gücə malik ola biləcək, lobbiçilik işi ilə məşğul olan Azərbaycan diaspor təşkilatlarının yaradılmasına başlanılıb. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə günü açıqlama verib.

Bu günlərdə ABŞ-da səfərdə olan Komitə sədri Nyu-Yorkda keçirilmiş türk yürüşündə iştirak edib. Belə tədbirlərin keçirilməsini türk dünyasının Amerikada təbliği yönündə uğurlu addım kimi qiymətləndirən İbrahimov qeyd edib ki, Azərbaycan tarixinin, mədəniyyətinin, musiqisinin, mətbəxinin tanıdılması məqsədilə gələcəkdə ABŞ-da Azərbaycan yürüşünün də keçirilməsi məqsədəuyğun olar.

İbrahimov bildirib ki, səfəri zamanı Amerikadakı yəhudi icmasının, diaspor təşkilatlarının nümayəndələrilə görüş keçirib, onların Azərbaycan diasporu ilə əlaqələrini, əməkdaşlığını müzakirə edib: "Amerikada güclü yəhudi lobbisi var və bu ölkədə böyük siyasi təsir gücünə malikdir. Bizim onlarla əlaqələrimizin qurulmasından yəhudi lobbisinin gücü ilə Azərbaycan diasporunun formalaşması, fəaliyyətinin gücləndirilməsi üçün istifadə etmək məqsədəuyğundur. Yəhudi lobbisinin nümayəndələri Azərbaycan diasporunun gələcək fəaliyyətində yardımçı olmağa söz verdilər" - deyə Komitə sədri qeyd edib.

İbrahimov əlavə edib ki, gələcəkdə ABŞ-da vahid, böyük bir Azərbaycan diaspor təşkilatının yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu ölkədə Azərbaycan diaspor təşkilatları gələcəkdə daha güclü fəaliyyət göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti