Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ötən il Azərbaycanda ambulator xidmət müəssisələrinə (təcili tibbi yardım) müraciət edən vətəndaşların sayı əvvəlki illərlə müqayisədə 600 min nəfər çox olub. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.
Nazir qeyd edib ki, hazırda poliklinikalara və təcili yardım müəssisələrinə müraciətlərin sayı çoxalıb. Həmçinin bu müəssisələr müasir avadanlıqlarla təchiz olunub. Şirəliyevin sözlərinə görə, əhalidən nazirliyə şikayətlərin sayı azalıb, hətta təşəkkür məktubları da gəlir.
Nazir onu da deyib ki, qanunsuz şəkildə özəlləşdirilmiş tibb müəssisələrinin dövlətə geri qaytarılmasına dair məhkəmə qərarı var. Ona görə də bu proses başa çatdıqdan sonra həmin müəssisələrin sonrakı taleyini Dövlət Əmlak Komitəsi müəyyənləşdirəcək.
Nazir bildirib ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına müasir səviyyəli 10 regional müalicə-diaqnostika müəssisəsinin tikintisi nəzərdə tutulub, onlardan üçü (Naxçıvan, Siyəzən və Lənkəranda) artıq əhalinin istifadəsinə verilib. Hazırda Oğuz, Yevlax, Xanlar rayonlarında, Bakının Nardaran qəsəbəsində, 7 nömrəli Birləşmiş şəhər xəstəxanasında, bir saylı ruhi xəstəxanada təmir-tikinti işləri davam etdirilir. Həmçinin bu il Bakının Binə, Zirə, Badamdar, Nardaran, Bül-bülə, Hocahəsən qəsəbələrində yeni müalicə-diaqnostika müəssisələrinin tikintisinə başlanacaq, qısa müddətdə istifadəyə veriləcək. Qalan qəsəbələrdə olan tibb müəssisələri isə əsaslı təmir olunacaq. Elmi-Tədqiqat Oftomologiya İnstitutunun, Milli Onkoloji Mərkəzin tikintisi aparılır. Ümumiyyətlə, bu il 50-ə qədər tibb müəssisəsinin tikintisi, əsaslı təmiri, yenidənqurma işləri həyata keçirilir.