Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şənbə günü Bakı şəhərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən keçirdiyi imtahanın nəticələrini açıqlayıb. TQDK-dan bazar ertəsi Trend ə bildirilib ki, imtahanda iştirak etmək üçün 1980 abituriyent qeydiyyatdan keçsə də, onlardan 1833-ü imtahanda iştirak edib, bir nəfər isə imtahandan xaric olunub.
Abituriyentlərdən 1542-si tələb olunan nəticəni göstərərək müsabiqə şərtini ödəyib, 290 abituriyent müsabiqə şərtini ödəyə bilməyərək "qeyri-məqbul" alıb.
İyunun 25-dən etibarən abituriyentlərə sənədlərini təqdim etdikləri Sənəd Qəbulu Komissiyalarından (SQK) imtahanın nəticələri ilə bağlı "Məlumat vərəqi" veriləcək. İmtahanı müvəffəqiyyətlə verən abituriyentlər "Məlumat vərəqi"nı ali məktəblərə sənəd təqdim edərkən SQK-ya təqdim etməlidirlər.
Azərbaycan dili fənni üzrə imtahanda iştirak etməmiş və ya bu imtahandan "qeyri-məqbul" almış abituriyentlərin rus bölməsinə sənəd vermək hüququ yoxdur.