...

Azərbaycanda aşkarlanan kütləvi insan məzarlıqları ilə bağlı məsələ BMT-də müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 27 Avqust 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Azərbaycanın Quba rayonu ərazisində aşkarlanan kütləvi insan məzarlığının ermənilər tərəfindən törədilən soyqırım faktı olduğu Birləşmiş Millətlər Təşkilatında (BMT) və Türkiyənin Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq. Bu barədə bazar ertəsi Qubada soyqırım məzarlığında olan BMT-nin Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecin və TBMM-nin deputatı Türhan Gömez məlumat verib.

Azərbaycanın Quba rayonu ərazisində aşkarlanan kütləvi insan məzarlığında aparılan ekspertiza nəticəsində artıq 120-dən artıq insan sümükləri çıxarılıb. Kütləvi insan məzarlığının tam araşdırılması üçün qazma işləri davam etdirilir və artıq 400 kvadratmetr ərazi qazılıb. İnsan cəsədləri aşkarlanması tam başa çatana qədər qazma işləri aparılacaq. Arxeologiya və Etnoqrafiya İnstitutu hesab edir ki, insan sümüklərinin sayı iki dəfədən artıq artacaq.

Aprelin əvvəllərində Qubada yeni şəhər stadionu tikilən zaman kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra ekspertiza qrupu yaradılaraq 100 kvadratmetr ərazi qazılaraq 50-yə yaxın insan sümükləri müəyyənləşdirilib. Ekspertiza qrupunun üzvləri və tarixçilər kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində yaradıldığını müəyyənləşdiriblər. Öldürülənlər arasında dağ yəhudilərinin də olduğu bildirilir. Araşdırmalar başa çatdıqdan sonra həmin ərazidə soyqırım abidəsi ucaldılacaq.

Qubada olan nümayəndə heyəti məzarlıqla tanış olub. Xarici qonaqları Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Təbrizi və Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı müşayiət ediblər.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti