...

Azərbaycanda danışılmış futbol oyunlarının araşdırılmasına başlanılıb

İdman Materials 17 Aprel 2012 14:17 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Unibank Premyer Liqasının bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə daxil olan məlumatları araşdırmağa başlayıb.
Azərbaycanda danışılmış futbol oyunlarının araşdırılmasına başlanılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Unibank Premyer Liqasının bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə daxil olan məlumatları araşdırmağa başlayıb.

"Unibank Premyer Liqasının bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olub. Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul edəcək. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı AFFA-nın saytına açıqlamasında UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.

Qeyd edək ki, UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir.

Bu tədbirlərdən biri kimi 2011-ci ilin sentyabr ayında UEFA üzvü olan assosiasiyalarda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə nümayəndələrin təyin olunmasını göstərmək olar.

Həmin nümayəndələr bir sıra mənbələrdən, o cümlədən UEFA-dan daxil olmuş məlumatlar əsasında idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış matçlarla bağlı araşdırma aparır və bu araşdırmaların nəticələri barədə yerli assosiasiya rəhbərliyini və UEFA-nı məlumatlandırır.

Xəbər lenti

Xəbər lenti