Azərbaycan, Bakı, 19 aprel /Trend/
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə idman yarışı keçirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 18-19 aprel 2013-cü il tarixində keçirilən çempionluq yarışında şimal, şimal-qərb, Aran, Qarabağ, Bakı, Sumqayıt, Gəncə regionlarından gəlmiş 26 komandadan 80-ə yaxın idmançı iştirak edib. Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin İdman kompleksində baş tutan yarışa fəxri qonaq qismində Azərbaycanın millət vəkili Fuad Muradov, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Namiq Abdullayev, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının çempionu Fərid Mansurov, FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev, MMQ-nin Maddi Texniki Təchizat rəisi, polkovnik Çingiz Abbasov dəvət olunublar.
Rəsmi hissədən əvvəl fəxri qonaqlar və idmançılar ümumilli liderin hərbi hissədəki abidəsi önünə əkili qoyub, əziz xatirəsini yad ediblər.
Tədbiri Fizuli Musayev söylədiyi nitq ilə açıq elan edib. Daha sonra isə Fuad Muradov, Raqif Abbasov və Fərid Mansurov öz fikirlərini bölüşüblər. Rəsmi hissə bitdikdən sonra final oyunu keçirilib.
Yarışlar şəxsi və komadalar üzrə keçirilib.
Komanda hesabı yarışı üzrə nəticələr:
1. DYMX - Dövlət Yanğından Mühafizə Xidməti
2. TTNDA - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
3. MMQ - Mülki Müdafiə Qoşunları
Şəxsi hesab yarışı üzrə nəticələr:
1. Bayramov Əli (XRXX - Xüsusi Riskli Xilasetmə Xidməti)
2. Rzayev Tofiq (DYMX)
3. İbrahimov Vüqar (DYMX)
Qeyd edək ki, bu ilin sonunadək FHN İdman-sağlamlıq klubu nəzdində keçiriləcək bütün idman yarışları ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr ediləcək.