Azərbaycan, Bakı, 26 iyul /Trend/
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş silsilə idman yarışlarına daha birini əlavə edib.
İyulun 26-da Dövlət Yanğından Mühavizə Xidmətinin hovuzunda nazirlik qurumları arasında üzgüçülük yarışı keçirilib. 19 komandadan 40-a yaxın idmançının iştirak etdiyi yarışa Məmməd Cəfər-zadə hakimlik edib.
Yarışdan əvvəl sentyabr ayı üçün nəzərdə tutulan FHN qurumları arasında "Səmti müəyyən etmə" çempionatının seminarı keçirilib. Qurum nümayəndələrinin iştirak etdiyi seminarda keçiriləcək yarışın məqsəd və vəzifələri, yarış haqqında məlumat, keçirilmə yeri və zamanı bildirilib.
2 mərhələdən ibarət olan yarışda idmançılar şəxsi və komanda hesabı ilə yarışıblar. 100 metrdə komanda hesabı ilə yarışaraq ən yaxşı nəticə göstərən 8 idmançı 50 metr daha üzməklə birincilik uğrunda mübarizə aparıb.
Komanda hesabı ilə 2:09 saniyədə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) birinci yerə, 2:23 saniyədə Mülki Müdafiə Qoşunları (MMQ) ikinci yerə, 2:31 saniyədə isə Dövlət Yanğından Mühavizə Xidməti üçüncü yerə layiq görülüb.
Şəxsi hesabda birinci yerin sahibi DSXX əməkdaşı Babayev Anar, ikinci yerin sahibi Britvin Emin (MMQ), üçüncü yeri tutmuş Mansurov Orxan (FHN Akademiya) İdman-Sağlamlıq klubu rəisi, polkovnik Füzuli Musayev tərəfindən diplom, kubok və mükafatlarla təltif olunublar.