Azərbaycan, Bakı, 8 oktyabr / Trend, müxbir M.Əliyev/
MDB ölkələri Milli Olimpiya komitələrinin regional forumunda "Bakı 2015 Avropa Oyunları"nın təqdimatı keçiriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 09-11 oktyabr 2013-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində MDB ölkələrinin Milli Olimpiya komitələrinin regional forumu keçiriləcək.
Forumda "Bakı 2015 Avropa Oyunları" ilə bağlı təqdimatla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edəcək.
Forum zamanı Qazaxıstan Milli Olimpiya Komitəsinin prezidenti Temirxan Dosmuxanbetov forumu açıq elan edəcək. MDB və Baltikyanı ölkələrin MOK-nin nümayəndələri müxtəlif mövzularda dəyirma masa ətrafında müzakirələr aparacaqlar.
Həmçinin iclas zamanı "Soçi 2014"ün Təşkilat Komitəsinin nümayəndəsi Soçi Qış Olimpiya Oyunlarına hazırlıq haqqında, "Tbilisi 2015"in Təşkilat Komitəsinin icraçı direktoru 2015-ci ildə Tbilisi şəhərində keçiriləcək Gənclərin Avropa Olimpiya Festivalına hazırlıqlarla bağlı hesabat verəcəklər.