Azərbaycan, Bakı, 22 mart /Trend/
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hollandiyalı hücumçusu Robin van Persi hərtərəfli tibbi müayinədən keçib.
Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, müayinələr zamanı Niderland yığmasının üzvünün dizindən zədələndiyi müəyyən edilib.
Zədə nəticəsində R.Persi 4-6 həftə yaşıl meydanlara çıxa bilməyəcək. Bu o deməkdir ki, forvard Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsi çərçivəsində "Bavariya" (Almaniya) ilə hər iki oyunu buraxacaq.
Qeyd edək ki, hollandiyalı ÇL-nin 1/8 final mərhələsi çərçivəsində "Olimpiakos" (Yunanıstan) ilə oyunda zədələnmişdi.