...

"Motorola" da Bakı 2015-in rəsmi dəstəkçisi oldu

İdman Materials 12 Noyabr 2014 19:12 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək tarixi idman yarışlarının rəsmi radio kommunikasiyaları dəstəkçisi kimi "Motorola Solutions" şirkəti ilə əməkdaşlığa başlayır.
"Motorola" da Bakı 2015-in rəsmi dəstəkçisi oldu

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək tarixi idman yarışlarının rəsmi radio kommunikasiyaları dəstəkçisi kimi "Motorola Solutions" şirkəti ilə əməkdaşlığa başlayır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, "Motorola Solutions" şirkəti mühüm kommunikasiya həlləri, ictimai təhlükəsizlik və kommersiya istehlakçılarına xidmət sahəsində aparıcı provayderdir. Şirkət, sazişin bir hissəsi olaraq, tədbirin maneəsiz və effektiv kommunikasiya və koordinasiya edilməsi məqsədilə Bakı 2015 üçün rəqəmsal radio xidmətləri göstərəcək.

Komitənin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bu müqavilə "Motorola Solutions" şirkətinin Bakı 2015-ə dəstək göstərmək üçün geniş təcrübəsindən istifadə edəcəyini göstərir. Bu çox vacibdir ki, biz Oyunlar zamanı öz aramızda müntəzəm yüksək keyfiyyətli kommunikasiya qurmaq imkanına malik olacağıq. Biz birlikdə çalışacağıq və tarixdə ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsində "Motorola Solutions" mühüm rol oynayacaq".

"Motorola Solutions" şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə vitse-prezidenti Aksel Rettiq bildirib: "Motorola Solutions" şirkəti uzun illərdir ki, iri beynəlxalq idman yarışları üçün uğurlu və etibarlı kommunikasiya xidmətləri göstərib. Bakı 2015-in rəsmi dəstəkçisi olmağımız bizim üçün şərəfdir və biz qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik".

Sazişin bağlanması ilə "Motorola Solutions" "McDonald's Azərbaycan", "Tickethour", "Milla" və "Sitecore" şirkətlərindən sonra Bakı 2015-in beşinci rəsmi dəstəkçisinə çevrildi.

Bakı 2015-in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: "Rəsmi tərəfdaş və dəstəkçilərimizin siyahısına növbəti böyük brendin əlavə edilməsi Bakı 2015 layihəsi üçün çox əhəmiyyətlidir. Biz kommersiya proqramının hazırlanmasından çox məmnunuq və hazırda ümumilikdə 11 rəsmi tərəfdaş və dəstəkçimizin olduğunu, daha çoxunun isə növbəti bir neçə həftədə əlavə olunacağını elan edirik".

"Motorola Solutions" şirkəti ictimai təhlükəsizlik və kommersiya müəssisələri üçün radio xidmətləri göstərən təchizatçıdır. Şirkət bütün dünyada müştəri bazasına xidmət göstərir və 85 illik təcrübəyə malikdir. Dünyanın 120-dən çox ölkəsindən olan müştərilər "Motorola Solutions" şirkətinin təcrübəsinə güvənir. Şirkət irimiqyaslı idman tədbirlərində, həmçinin bir çox Olimpiya Oyunlarında və dünyada mühüm futbol turnirlərində kommunikasiya xidmətlərini uğurla həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti