Azərbaycan, Bakı, 18 mart /Trend/
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Hindistanda yayımlanması üçün "NEO Sports" şəbəkəsi ilə sazişə imza atıb.
Komitədən Trend-ə verilən məlumata görə, sazişə əsasən, Bakı 2015 Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə bütün ölkə üzrə yayımlanacaq. Avropa Oyunları ilə bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı videomateriallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Oyunlar kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də canlı olaraq yayımlanacaq.
"NEO Sports" şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, Qadın Tennisçilər Assosiasiyası tərəfindən təşkil olunan tennis turnirlərini, Fransa tennis turnirlərini, "Davis Cup" tennis turnirlərini, "Fed Cup" tennis turnirlərini, Almaniya Bundesliqasını, "PGA Tour" qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Mən NEO Sports kanalını sonuncu yayım tərəfdaşlarımızdan biri kimi salamlamaqdan məmnunam və Hindistandakı idman azarkeşləri üçün birinci Avropa Oyunlarınınyayımlamasını səbirsizliklə gözləyirəm. Hindistan əhalisinin sayına görə dünyada ikinci yerdə durur və əsas idman ölkələrindəndir. Bağladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha uzaqlara gedib çatacaq".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacağını elan etmiş oldu.
"NEO Sports" kanalının icraçı vitse-prezidenti Mautik Tolia söyləyib: "İzləyicilərimiz bütün dünyada keçirilən yüksəksəviyyəli idman yarışlarına çox həvəslidirlər və mən şübhə etmirəm ki, onlar bu yay Bakı şəhərində keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq və NEO Sports kanalı Oyunları hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur".
Bakı 2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz ölkələrini təmsil edəcəklər.
İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq çərçivəsində təşkil edərək həyata keçirəcəkdir.