Bakı. Trend:
Üzgüçülük üzrə Azərbaycan yığmasının bu ilin ən əsas yarışları sayılan Helsinki şəhərində keçirilən Yeniyetmələrin Avropa Birinciliyi, Böyük Britaniyanın Glasgo şəhərində keçirilən Su İdman Növləri üzrə Avropa Çempionatı və Arqentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.
Trend-in məlumatına görə, bu barədə üzgüçülük üzrə Baş məşqçi Rəşad Əbdürəhmanov tərəfindən açıqlanan illik hesabatda deyilir.
Hesabatda deyilir ki, bu ilin fevral ayinda keçirilən üzgüçülük üzrə ölkə çempionatından sonra yığma komanda yeni və daha da gəncləşən tərkib ilə beynəlxalq yarışlara səylə hazırlaşmağa başlayıb.
İl ərzində isə aşağıda qeyd olunan yarış və təlim-məşq toplantılarında göstərilən nəticələr əldə edilib. 23-25 Mart 2018-ci il tarixlərində üzgüçülük üzrə Slovakiyanin Jilina şəhərində keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakterli açıq birincilikdə milli yığma komandanın 9 üzvü və 3 məşqçisi (baş məşqçi Rəşad Əbdürəhmanov, məşqçilər Sergey Bondar və Rəşad Əliyev) iştirak edərək aşağıdaki nəticələri əldə edib:
Şemberyov Maksim: 200 metr brass və baterflay üsulları qızıl medal, 1500 metr sərbəst üsulu ilə gümüş, qarışıq üsulu ilə 200 və 400 metr qızıl medal (hər ikisi yarışın yeni rekordu) qazanıb.
Əlkərəmova Fatimə: 200 (yarışın yeni rekordu), 400 və 800 metr məsafələri sərbəst üsulu ilə qızıl medal, 100 sərbəst və 200 metr qarışıq üsulu ilə bürünc medal qazanıb.
İsrafilov Vəli 200 metr brass (bürünc), Vəlizadə Ramil – 50, 100 və 200 metr baterflay (gümüş), Əlquliyev Rəşad 100 metr brass (gümüş), Kələntərova Ayan 200 metr qarışıq üsulu ilə qızıl, 50,100, 200 metr brass (gümüş), 400 metr qarışıq (gümüş), Bayramova Alsu 100 və 200 metr baterflay (qızıl - B lisenziyasi), 50 metr baterflay (bürünc) medal qazanıblar.
29 aprel-16 may 2018-ci il tarixlərində Fransanın Font Remo şəhərində Beynəlxalq təlim məşq toplantısı keçirilib. Bu toplantıda dörd idmançı və iki məşqçi iştirak edib. Bu baza dəniz səviyyəsindən 1860 m hündürlükdə yerləşirdi və məqsəd əsas heyətin xüsusi funksional səviyyəsinin yüksəlməsi idi.
13-14 iyun 2018-ci il tarixlərində İspaniyanın Barselona şəhərində "Mare Nonstum 2018" beynəlxalq yarışında 4 idmançı və 2 məşqçi iştirak edib. Orada Azərbaycan milli yığmasının iki idmançısı finala qədər yüksələrək öz şəxsi nəticələrini yaxşılaşdırıblar.
17 iyun-05 iyul 2018-ci ildə Bolqarıstanın Burqas şəhərində təlim-məşq toplantısında milli komanda tam tərkibdə iştirak etdikdən sonra Finlandiyanın Helsinki şəhərində keçirilən Yeniyetmələrin Avropa Birinciliyində 3 idmançı, 2 məşqçi heyəti ilə qatılıb.
03-08 avqust 2018-ci il tarixlərində Böyük Britaniyanın Glazqo şəhərində keçirilən Su İdman Növləri üzrə Avropa Çempionatında isə Azərbaycan üzgüçülük tarixində ilk dəfə finala yüksələrək 5-ci və 7-ci oldu. Bu yarışda millimiz 3 idmançı və 1 məşqçi ilə təmsil olunub.
Hesabatın yekununda qeyd edilir ki, bu ilin sonuna qədər yığma iki Dünya Kuboku mərhələsi, Respublika çempionatı, bir beynəlxalq turnir və Dünya çempionatında iştirakı planlaşdırır.