Bakı. Trend:
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edib.
Trend-in məlumatına görə, noyabrın 10-da “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Noyabrın 11-də “Sumqayıt” - “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 15 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qəbələ” - “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə edilib.
“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.