...

Güləş üzrə Avropa çempionatının 2-ci günündə beş idmançımız mübarizəyə qoşulacaq

İdman Materials 11 Fevral 2020 16:06 (UTC +04:00)
Romada keçirilən güləş üzrə Avropa çempionatının ikinci günündə - fevralın 11-də Azərbaycanın beş yunan-Roma pəhləvanı mübarizəyə qoşulacaq.
Güləş üzrə Avropa çempionatının 2-ci günündə beş idmançımız mübarizəyə qoşulacaq

Bakı. Trend:

Romada keçirilən güləş üzrə Avropa çempionatının ikinci günündə - fevralın 11-də Azərbaycanın beş yunan-Roma pəhləvanı mübarizəyə qoşulacaq.

Trend Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, çempionatın, eyni zamanda, yunan-Roma güləşi yarışlarının ikinci günündə idmançılar 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. İdmançılarımızdan üçü yarışlara təsnifat, ikisi isə səkkizdəbir finaldan başlayacaq. Təsnifat mərhələsində Murad Bazarov (60 kq) italiyalı Yakopo Sandron, İslambek Dadov (67 kq) macarıstanlı Kristian İştvan Vança, Orxan Nuriyev (97 kq) isə polşalı Tadeuş Mixalik ilə qarşılaşacaqlar. Səkkizdəbir finalda isə Ülvi Qənizadə (72 kq) Bolqarıstan təmsilçisi Stoyan Stoyçev Kubatov, Rafiq Hüseynov (82 kq) Niderland idmançısı Tirone Sterkenburq ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, çempionatın birinci günündə yunan-Roma güləşçiləri 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Ötən gün mübarizə aparan Azərbaycan güləşçilərindən yalnız Sənan Süleymanov (77 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda idmançımızın rəqibi Macarıstan güləşçisi Zotlan Levay olacaq.

İki güləşçimiz - Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıblar.

Səkkizdəbir finalda uduzan Taleh Məmmədov (63 kq) və dörddəbir finalda məğlub olan Sabah Şəriəti (130 kq) təsəlliverici görüşlərdə qüvvələrini sınayacaqlar.

Qitə birinciliyinin proqramına əsasən, yunan-Roma güləşçilərinin mübarizəsinə bu gün yekun vurulacaq. Fevralın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Ayın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti