Bakı. Trend:
Nəticə yoxdursa, dəyərləndirməli də heç nə yoxdur.
Trend xəbər verir ki, bunu İdman.biz-ə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.
O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində lisenziya qazana bilməyən “klassiklər”imizin çıxışını şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, komandamız potensialından çox aşağı şəkildə mübarizə aparıb: “Yaxın günlərdə məşqçilər korpusunun hansı səbəbdən belə bir hal yarandığını müzakirə edəcəyini düşünürəm. Düzdür, hər yarışda qələbə əldə etmək olmur. Amma bütün hallarda ev sahibliyi etdiyin turnirdə 1-2 lisenziya əldə olunmalı idi. Bu, yunan-Roma güləşi üçün yaxşı hal deyil və hesabatı olacaq. Güləşçilərimiz mübarizlik göstərmədilər. Yüksək səviyyədə hazırlıq baş tutub, təlim-məşq toplanışları keçirilib. Hər bir şeylə təmin olunublar. Ac, yuxusuz, formasız, maaşsız qalıb, bu cür çıxış etsəydilər, deyərdim ki, səbəblər çoxdur. Amma belə sonluğu heç kim gözləmirdi”.
Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verəcək sonuncu təsnifat turniri ilə bağlı proqnoz verməyə çətinlik çəkib: “İstanbulda baş tutacaq yarışla bağlı artıq nəsə deyə bilmərəm. Çünki Bakıdakı gözləntilərim doğru çıxmadı. Dünən güləşçilərimiz “dişsiz” mübarizə apardılar. Sanki rəqibləri bunlara xal verməli idi. Təbii ki, belə olmur. Lisenziya qazanan güləşçilər zədəli halda, qan tökə-tökə qələbəni əldə etdilər”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının hesabında hələlik 2 lisenziya var.