Bakı. Trend:
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün I turunda baş verənlər müzakirə olunub. Komitə mövsümün ilk cəzaları ilə bağlı qərar verib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib. Qarşılaşmadan sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” 500 manat ziyana düşüb. 78-ci dəqiqədə ikinci sarıya görə qırmızı vərəqə alan Elvin Cəfərquliyev 1 oyun cəzalanıb, klubunu 500 manat cəriməyə məruz qoyub.
“Neftçi” – “Turan Tovuz” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat cərimələnib.
“Sumqayıt” – “Kəpəz” görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə edilib. Bu qarşılaşmada oyun günü planı pozulduğuna görə “Sumqayıt” 1000 manat xərcə düşüb.
Qeyd edək ki, ilk turun oyunları avqustun 2-4-də keçirilib.