Bakı. Trend:
9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib.
Trend xəbər verir ki, gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.
Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz kompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs nömrələri tamaşaçılara təqdim olunub. Arenada toplaşan izləyicilər bu performansları böyük maraqla izləyərək həm əyləncəli, həm də ilhamverici anlar yaşayıblar. Bu, eyni zamanda, Azərbaycanın gimnastikaya verdiyi yüksək önəmi bir daha nümayiş etdirib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazir şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, ruhlarının şad olmasını arzulayıb, qazilərimizə isə sağlam və xoşbəxt ömür diləyib. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gimnastikaya göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Fərid Qayıbov, həmçinin, ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə aparırlar. Bu gün start götürən yarışa 11 noyabr tarixində yekun vurulacaq.