Bakı. Trend:
ABŞ hakimiyyəti Boliviya ilə 2008-ci ildən kəsilmiş diplomatik münasibətləri səfir səviyyəsində bərpa etməyi planlaşdırır.
Trend-in ABI agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cənubi Amerika ölkəsinin yeni Prezidenti Rodriqo Pasın andiçmə mərasimində iştirak üçün La Pasa səfər edən ABŞ dövlət katibinin müavini Kristofer Landau bildirib.
“Biz münasibətləri həmişə vacib olan səfir səviyyəsinə qaytaracağıq. Bu, çox mühüm addımdır və ümid edirəm ki, yaxın vaxtlarda səfirlər təyin edə biləcəyik”, – deyə Landau qeyd edib.
Xatırladaq ki, 2008-ci ildə Boliviyanın o vaxtkı prezidenti Evo Morales ABŞ-nin səfiri Filip Qoldberqi “persona non qrata” elan etmiş, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə ittiham etmişdi. Ardınca ABŞ-ın o zamankı prezidenti Corc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan çıxarmış və ölkəni narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham etmişdi.
